Qarabağ'da hər şey əla idi - Beqoviç

  • 20 Fevral 2020 18:02
  • 47

"Milan"da rəqabət yüksəkdir. Buna görə də ehtiyatda qalmaq formama mənfi təsir göstərmir. Qarabağ"da vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq çətin olmur".

Corner.az xəbər verir ki, bu fikirləri cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmiş qapıçı Asmir Beqoviç deyib. Ölkəsinin mətbuatına geniş müsahibə verən bosniya və herseqovinalı qolkiper ötən ay transfer olunduğu İtaliya "Milan"ındakı vəziyyətindən danışıb.

33 yaşlı futbolçu bildirib ki, yeni komandasında hər hansı problemlə üzləşməyib: "Həm klubda, həm də şəhərdə hamıdan razıyam. Komandadakı insanlar maşın və ev tapmaqda mənə çox kömək etdilər. "Milan" böyük klubdur və gözləntilər yüksəkdir. Klubun gözəl ənənəsi var. Bu komandanın bir parçası olduğum üçün şadam. Şəhər əladır. Amma indi oyun qrafikimiz sıx olduğundan, daha çox məşq etməli oluruq. Digər işlərə az vaxt qalır".

Beqoviç yığmaya mümkün qayıdışı barədə də danışıb: "Millidə oynamaq mənim üçün problem deyil. Bilirəm ki, yığmanın qapısını qoruya bilərəm. Çünki təcrübəm var. Ən əsası, yaxşı nəticə qazanmaqdır".

Təcrübəli qapıçı "Milan"ın Bosniya və Herseqovina əsilli isveçli hücumçusu Zlatan İbrahimoviçlə münasibətlərindən də söz açıb: "Zlatan əla oğlandır. Tez-tez Bosniya dilində danışırıq, mədəniyyətimizi sevir. Düşünürəm ki, İbrahimoviç bizim mentalitetimizə sahibdir".

Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərə "Bornmut"una məxsusdur. Onun klubla müqaviləsi 2021-ci ilin iyununa qədərdir.(report)