Qoldan sonra meymun kimi oynamağa başladım - Gerye

  • 1 May 2021 17:29
  • 48

"Əvvəllər əsasən hücum bölgəsində çıxış edirdim. Daha sonra Azərbaycana cinah yarımmüdafiəçisi kimi yollandım".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye hazırda çıxış etdiyi Kiprin "Apollon" klubunun rəsmi jurnalına müsahibəsində oynadığı mövqelər barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi son illərdə cinah müdafiəçisi kimi çıxış etməsinin səbəbini açıqlayıb. O, bildirib ki, hər şey UEFA Çempionlar Liqasının qrup mərhələsinin İspaniya "Atletiko"su ilə oyununda baş verdi: "Müdafiəçi qırmızı vərəqə aldıqdan sonra baş məşqçi məni həmin mövqedə sınamağa başladı. O vaxtdan müdafiənin solunda oynayıram. Yalnız qapıda durmamışam. Qorxuram ki, top başıma dəyər".

32 yaşlı oyunçu həyat yoldaşının karyerasında həlledici rol oynadığını söyləyib: "O, artıq iki dəfə bunu edib. Türkiyədə oynayarkən "Aris" klubundan təklif gəlmişdi. Amma qəbul etmədim. Həmin vaxt xanımım məni "Qarabağ"a getməyə məcbur etdi. Sonda o, haqlı çıxdı və mən Çempionlar Liqasında oynadım. "Apollon"a da onun təkidi ilə keçdim".

Gerye indiyədək üzləşdiyi irqçilik qalmaqallarına da toxunub: "Qarabağ"da oynayanda Polşada dincəlirdim. Yoldaşım və onun dayısı ilə küçədə gəzərkən bir nəfər dərimin rəngi ilə bağlı məni təhqir etdi. Fikir vermədim, çünki mənə maraqlı deyildi. Amma cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim. Ona qəzəblə baxsam da, heç nə etmədim. "Qarabağ"ın heyətində Belarusda BATE-yə qarşı oynayanda azarkeşlər irqçi şüarlar səsləndirirdilər. Açığı, çox pis təsir etmişdi. Amma qol vurandan sonra onların qarşısında gülməyə və meymun kimi rəqs etməyə başladım. Əslində isə bu cür hallarda ən yaxşı cavab onlara fikir verməməkdir. Düzdür, bəzən kimisi qaldırıb yerə çırpmaq istəyirsən. Amma həmin an tanrı sizi sakitləşdirir. Digər ölkələrdə, məsələn, Azərbaycanda isə heç vaxt irqçiliklə qarşılaşmamışam".

Qeyd edək ki, Donald Gerye ölkəmizdə "Qarabağ" və "Neftçi"nin uğurları üçün çalışıb.