Çox maraqlı qərardır - Azər Bağırov

  • 18 May 2022 17:54
  • 57

"Çox maraqlı qərardır. Yəqin ki, nəyəsə əsaslanıblar".

Corner.az xəbər verir ki, bunu "Araz Naxçıvan" komandasının baş məşqçisi Azər Bağırov AFFA İntizam Komitəsinin qərarına münasibət bildirərkən deyib.

"Xan Lənkəran"la Region Liqasının yarımfinal matçından sonra aparılmış araşdırmalar nəticəsində Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib və bu səbəbdən komandaya texniki məğlubiyyət verilib.

41 yaşlı mütəxəssis qapıçı E.Məmmədovun 1 ilə yaxındır ölkə ərazisində olduğunu və heç bir yerə getmədiyini bildirib. O, hücumçu O.Əliyevin isə Gürcüstanın "Siono Bolnisi" klubu ilə müqaviləsinin ötən ilin dekabrında başa çatdığını söyləyib: "Gürcüstanda mövsüm həmin il bitir. Əliyevin sözləşməsi dekabrda - mövsüm başa çatanda yekunlaşıb. Liqada mövsüm 7-8 ay davam edir. Daha əvvəl Maldiv adalarında çıxış edən Məmmədovun durumu isə tam fərqlidir. O, 2021-ci ilin aprelindən Azərbaycandadır. Hansısa klubda necə oynaya bilər? Məsələn, mənim 5 illik sözləşməm var, amma klubdan pul almıram, orada fəaliyyət göstərmirəm və kağızımı da geri ala bilmirəm. Faktiki olaraq klubla sağollaşmışam. Əsas odur ki, hamı yarımfinalda kimin qalib gəldiyini gördü. Yerdə qalan məsələlər kağız-kuğuz üzərində olan işlərdir".

Bağırov qərarla bağlı şikayət edib-etməyəcəklərindən xəbərsiz olduğunu söyləyib: "Bu, rəhbərliyin işidir. Bizim borcumuz komandanı oyuna çıxartmaqdır. Yəqin ki, hər işdə bir xeyir var".

Qeyd edək ki, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.(report)