Çempionlar Liqasının finalı Portuqaliyada

  • 13 May 2021 12:56
  • 73

UEFA cari mövsüm Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, həlledici görüş koronavirus səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərinin "Draqau" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Finalda "Mançester Siti" və "Çelsi" klubları üz-üzə gələcək.

Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdən keçirildiyini, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.

Ali futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.

Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PCR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək. Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən "qırmızı zona"ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar.