Qalatasaray'ın futbolçusu Belçikada qalmaqal yaratdı

  • 8 Noyabr 2019 21:07
  • 64

"Brügge” klubunun hücumçusu Mbaye Diaqneni heyətdən kənarlaşdırıb.

Corner.az xəbər verir ki, buna 28 yaşlı futbolçunun Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə qarşı oyundakı davranışı səbəb olub.
 
“Brügge”nin 0:1 hesabıyla məğlub olduğu həmin qarşılaşmanın 76-cı dəqiqəsində Belçika təmsilçisi penalti qazanıb. Amma Diaqne komandanın kapitanı və əsas penalti vuran futbolçusu Hans Vanakenin 11 metrlik zərbəni vurmasına imkan verməyib. Seneqallı futbolçunun penaltisini rəqib qolkiper Keylor Navas uzaqlaşdıra bilib.
 
Belçika mətbuatının yazdığına görə, meydandakı bu anlaşılmazlıq matçdan sonra paltardəyişmə otağında davaya səbəb olub. Baş verənlərlə əlaqədar mətbuat konfransı keçirən baş məşqçi Filip Klement Diaqnenin heyətdən kənarlaşdırıldığını bildirib:
 
“Çox axmaq bir səhvə yol verdi və bu, matçın nəticəsinə təsir etdi. Təbii ki, çox əsəbiyəm. İlk qərarım onu növbəti oyun üçün heyətə almamaq oldu. Sonrakı həftələrlə bağlı futbolçunun davranışlarına görə qərar verəcəm. Klubdakı gələcək taleyi də öz davranışlarından asılı olacaq”.
 
Qeyd edək ki, müqavilə ilə “Qalatasaray”a məxsus olan Diaqne, “Brügge”də icarə əsasında oynayır. Gənc futbolçu İstanbul təmsilçisində də oxşar davranışları ilə gündəmə gəlmişdi.