APOEL-in kapitanı: Qarabağ çox yaxşı komandadır

  • 8 Noyabr 2019 10:35
  • 41

“İkinci hissəni çox yaxşı keçirdik. Uşaqları təbrik edirəm, oyunun növbəti mərhələyə keçmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib”.

Corner.az-ın məlumatına görə, bunu Kiprin APOEL komandasının kapitanı Nikolas İoannu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

24 yaşlı kiprli müdafiəçi əsas hədəflərinin Lüksemburqda “Düdelanj”ı məğlub etmək olduğunu bildirib: “Qarabağ” çox yaxşı komandadır, işimizi çətinləşdirirdilər. Bu rəqiblər cari avrokubok mövsümündə keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi. Ancaq biz qələbəyə və növbəti raunda vəsiqəyə layiq olduğumuzu göstərdik. “Düdelanj” Avropa Liqasında təsadüfən olmadığını göstərib. Bu rəqibə səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik”.

Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan İspaniyanın “Sevilya” komandası 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və “Qarabağ” 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı Lüksemburq “Düdelanj”ının 3 xalı var.

“Qarabağ” noybarın 28-də “Sevilya”nın qonağı olacaq. Dekabrın 12-də isə “Düdelanj”ı qəbul edəcək.(report)