Mübarizə hələ başa çatmayıb - Millimizin baş məşqçisi

  • 3 Fevral 2021 10:58
  • 39

"Yunanıstana qarşı kollektiv şəkildə yaxşı oynadıq, fiziki hazırlığımız da daha ürəkaçan idi. Taktiki planda da futzalçılar verilən tapşırıqları yerinə yetirdilər".

Corner.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Yunanıstana 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis müdafiədə daha səliqəli oynadıqlarını və rəqibə təhlükəli epizod yaratmağa imkan vermədiklərini bildirib: "Qapımıza tərəf maksimum 2-3 zərbə oldu. 10 gün ərzində tam formalaşmaq, toparlanmaq çətindir. Buna rəğmən, biz kollektiv oyun planında xeyli irəli getmişik. Əlbəttə, qələbə qazanmağımıza və birinci pillədə möhkəmlənməyimizə görə məmnunam. Amma mübarizə hələ başa çatmayıb. Biz məşqlərimizi davam etdirməliyik. Moldova ilə oyuna indidən hazırlaşmalıyıq. Moldova həqiqətən də yaxşı kollektivə sahibdir".

Baş məşqçi problemlərdən də danışıb: "Əsas problemimiz yenə yaratdığımız epizodları qola çevirə bilməməyimizlə bağlıdır. Bunun üzərində işləyəcəyik. Çünki növbəti rəqibimiz daha çətin olacaq və o cür oyunlarda imkanları düzgün dəyərləndirməsək, istədiyimiz nəticəni də qazana bilməyəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi 3-cü qrupun ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. İki görüşdən maksimum nəticə ilə ayrılan yığma 6 xalla turnir cədvəlinə başçılıq edir.


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI