Son vaxtlar yarımfinal sindromu yaşayıram - Eldəniz Əzizli

  • 11 Oktyabr 2021 17:43
  • 36

“Yarış yaxşı keçdi. Yarımfinalda bəzi səhvlərə yol verdim. Bundan başqa, hakim səhvləri də sözünü dedi. İki epizodda isə rəqibin arxasına keçib fənd etməyə imkan vermədilər".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatındakı çıxışı barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

55 kq çəki dərəcəsində bürünc medal qazanmış idmançı rəqiblərin zəif olmadığını bildirib: "Təsadüfi deyil ki, Yaponiya güləşçisi dünya çempionu oldu. Ümumi götürsək, medalsız qalmadığım üçün şadam. 2018-ci ildən başlayan AÇ və DÇ-lərdə medal qazanmaq ənənəsini davam etdirdim".

Əzizlinin sözlərinə görə, dünya çempionu olandan sonra uduzmaq istəmirsən: "Çünki qızıl qazanan idmançı sonradan gümüş və ya bürünc əldə edəndə bunu bir çoxları uğursuzluq kimi qələmə verir. Halbuki belə deyil. O fikirlə razıyam ki, son vaxtlar yarımfinal sindromu yaşayıram. Məsuliyyət hissinin böyük olması mənə rahat güləşməyə imkan vermir. Yarımfinalda güləşəndə bir az sıxılıram. Çalışacağam ki, bundan sonra bu mərhələyə psixoloji cəhətdən özümü tam hazır edim".