Azərbaycan güləşçisi dünya reytinqində liderliyə yüksəlib

  • 14 Oktyabr 2021 11:48
  • 93

Norveçdə keçirilmiş dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib.

Corner.az-ın məlumatına görə, yunan-Roma güləşində 82 kq-da dünya çempionu olan Rafiq Hüseynov bu çəkidə liderliyə yüksəlib. 33 yaşlı pəhləvan 70 xalla reytinqə başçılıq edir. Hüseynov ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır və əvvəlki siyahıyla müqayisədə 23 pillə irəliləyib.

Güləşin bu növündə Azərbaycanın daha üç təmsilçisi ilk "10-luq"da yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk "3-lüy"ü qapayır. Osloda bürünc medal qazanan güləşçi 4 pillə irəliləyib. 63 kq-da Taleh Məmmədov 6-cı yerdən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanın hesabında 38 xal var. Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib. Dünya çempionatında gümüş medalı boynundan asan idmançı xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.

Sərbəst güləşdə millinin 4 üzvü öz çəkilərində ilk "10-luq"dadır. Tokio Olimpiadasında gümüş medal əldə edən Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı yerə enib. Buna səbəb 44 xala malik titullu idmançının mundialı buraxması olub. Norveçdəki yarışda medalın bir addımlığında dayanan Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçi hesabında 38 xal var. Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk "10-luğ"u qapayan legionerin əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.

Qadın güləşində Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millinin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb. Elis Manalova isə 68 kq-da 22 xalla ilk "10-luğ"u qapayır.

Qeyd edək ki, Oslodakı dünya çempionatı 2 - 10 oktyabrda gerçəkləşib.