Milli Paralimpiya Komitəsində milli üzvləri ilə görüş keçirilib

  • 20 Noyabr 2021 12:18
  • 55

Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Kamal Məmmədov qış idman növləri üzrə milli komandanın bir neçə üzvü ilə görüşüb.

MPK-dan "Corner.az"a verilən məlumata görə, Məmmədov idmançıların hazırki fiziki və psixoloji durumları ilə maraqlanıb. O, bildirib ki, məqsəd qarşıdan gələn yarışlarda uğurlu nəticələr əldə etmək və ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır.

Yığmanın üzvləri Daşqın Abbasov və Mehman Ramazanzadə öz növbələrində komitə rəhbərliyinə hazırki hazırlıqları haqda məruzə edib, beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edəcəklərini vurğulayıblar. Daha sonra idmançılara yeni idman formaları təqdim edilib.

Qeyd edək ki, qış idmanının kross-kantri idman növündə iştirak edən M.Ramazanzadə noyabrın 19-da Rusiyanın Ufa şəhərində keçirilən təlim-məşq toplanışına yollanıb. Hazırlıq prosesinin məqsədi 13 - 19 dekbarda Finlandiyanın Vuokatti şəhərində təşkil olunacaq Avropa kubokuna hazırlıqdır.

Dağ xizəyi idman növü üzrə milli komandanın üzvü D.Abbasov isə baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23 - 29 noyabrda Avstriyanın Resterhöhe şəhərində keçiriləcək Avropa çempionatına yola düşəcək.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda Çinin paytaxtı Pekində baş tutacaq.