Komandamızın formada olduğunu deyə bilərəm

  • 10 Mart 2022 15:02
  • 5609

“Yığmamız fevralın 21-dən hazırlığa başlayıb. Bu gün son məşqimizi etdik və gecə saatlarında Avropa çempionatına yollanacağıq”. Corner.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə federasiyanın İdarə Heyətinin üzvü Rövşən Hüseynov deyib.
 
Martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 11 gün davam edəcək yarışda Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) iştirak edəcəklər.
 
Rövşən Hüseynovun sözlərinə görə, heyətə daxil edilən boksçuların hər biri mübarizəyə hazırdır:
 
“Təlim-məşq toplanışımız yüksək səviyyədə keçdi. Hazırlığın gedişatında təcrübəli mütəxəssislərlə birgə məsləhətlərimizi də verdik. Bu gün komandamızın formada olduğunu deyə bilərəm. İnanıram ki, gərgin keçən məşqlər Xorvatiyada öz bəhrəsini verəcək”.
 
Poreçə yollanacaq milli komandaya rəhbərlik edəcək federasiya rəsmisi bildirib ki, boksçularımıza ümidlər böyükdür:
 
“Federasiya onların yüksək səviyyədə hazırlığı üçün hər şeyi etdi. Böyük məşqçi Nəriman Abdullayev də komandanın toplanışından razı qalıb. Medal ümidlərimizə gəlincə, ad açıqlamağı düzgün hesab etmirəm. Biz yığmaya dəvət etdiyimiz hər bir boksçuda böyük potensial görürük və inanırıq ki, onlar sabah beynəlxalq arenada Azərbaycanın adını layiqincə qoruyacaqlar. Bu yarış da istisna deyil. Millidəki hər bir boksçu fəxri kürsüdə yer almaq gücündədir. Amma idman bəxti və püşkün də bəzən çıxışa təsir etdiyini nəzərə almalıyıq. Xorvatiyada daha çox medal qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq”.
 
Səfərə martın 11-də yollanacaq komanda Bakıya ayın 25-də qayıdacaq. Çempionatda beynəlxalq dərəcəli referi Anar Babanlı da hakimlər sırasında yer alacaq.
 
13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.