Daha iki komandaya texniki məğlubiyyət verildi

  • 13 May 2022 19:38
  • 50

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Yüksək Liqanın “Araz” – EKOL oyununda EKOL-un futzalçısı Emin Kürdov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Baker Tilly” – “Atletiko Baku” oyununda “Baker Tilly” komandasının futzalçısı Rəşad Səttarzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Hövsan” oyununda “Hövsan” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. “Hövsan” komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət veriləcək.
 
U-13 Liqasının “Səbail” – “Vətən” oyununda hakimin səhvinə (oyunun hakimi cəza almış oyunçunun adını səhv qeyd edib) görə “Səbail”in futbolçusu Cavidan Həmidova göstərilmiş ikinci sarı vərəqənin digər futbolçu Hüseyn Hümbətova qeyd olunması qərara alınıb. Bu məsələ ilə bağlı 22 aprel 2022-ci il tarixli 29 nömrəli protokolun 32-ci məsələsində dəyişiklik edilib, qəbul edilmiş qərarda cəza Hüseyn Hümbətovun əvəzinə Cavidan Həmidova şamil olunub.
 
Gənclər Liqasının “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ”ın futbolçusu Rəşad Soinoğlu aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının “Sabah” – “Neftçi” oyununda “Neftçi”nin futbolçusu Elton Həsənli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının “Zaqatala” – “Şimal Elit” oyununda “Zaqatala”nın futbolçusu Tacəddin Balayev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Şimal Elit”in diskvalifikasiya olunmuş futbolçusu Seymur Səfərov start heyətində matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Həvəskar Liqasının “Gənclər” – “Qobu” oyununda “Gənclər”in futbolçusu Adəm Şamilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Həvəskar Liqasının “Qobustan” – “Bayıl Rovers” oyununda “Qobustan”ın futbolçusu Şahin Nəcəfov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.