Ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatı Qurbanova veriləcək

  • 17 May 2022 19:11
  • 51

2022-ci il üçün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxs bəlli olub. Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
 
Onun sözlərinə görə, mükafat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova veriləcək: “Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov Marsel “Olimpik”i ilə oyunda möhtəşəm feyr-pley jesti etmişdi”.
 
Xatırladaq ki, Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin Fransanın “Olimpik” (Marsel) komandası ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib. Qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb