Azərbaycan çempionatına start verildi

  • 17 May 2022 21:07
  • 43

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə qadınlar arasında 31-ci ölkə çempionatına start verilib. Corner.az xəbər verir ki, açılış mərasimində çıxış edən qurumun prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov son illər Azərbaycanda qadın şahmatçıların həm komanda, həm də şəxsi yarışlarda qazandığı uğurlardan danışıb. O, çempionatın maraqlı rəqabət şəraitində keçəcəyini bildirib.
 
Mahir Məmmədov, həmçinin, bu il Hindistanda baş tutacaq Ümumdünya Şahmat Olimpiadasına hazırlıq planının təsdiqləndiyini söyləyib. Ardınca Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin rəhbəri Elnur Məmmədov çempionatın iştirakçılarına uğurlar arzulayıb.
 
Dövlət Himninin səsləndirilməsindən sonra baş hakim İlahə Qədimova reqlament barədə məlumat verib.
 
Birinci turda ilk gedişi Mahir Məmmədovla və Elnur Məmmədov ediblər.
 
Püşkə əsasən ilk turda Gülnar Məmmədova Türkan Məmmədyarovaya, Gövhər Beydullayeva Ayan Allahverdiyevaya, Ülviyyə Fətəliyeva Xəyalə Abdullaya, Ləman Hacıyeva isə Xanım Balacayevaya qarşı mübarizə aparacaq.
 
Müstəqil Azərbaycan tarixində qadınlar arasında 31-ci ölkə çempionatının mükafat fondu artırılaraq 11 400 manata çatdırılıb. Çempion şahmatçı 4000 manat pul mükafatı qazanacaq.