Dünya çempionatında iştirak etmək hər zaman xoşdur

  • 21 İyun 2022 12:02
  • 27

Veteran şahmatçılar arasında Azərbaycan çempionu, tanınmış məşqçi Fikrət Sideifzadə noyabrda İtaliyada FIDE tərəfindən təşkil olunan dünya çempionatında iştirak edəcək. Corner.az xəbər verir ki, Sideifzadə yarışla bağlı təəssüratlarını federasiyanın rəsmi saytı ilə bölüşüb:
 
“Əvvəllər veteranların yarışında iştirak etməmişəm. İlk dəfə iştirak etmək barədə qərar qəbul etdim. Uzun illərdən sonra yenidən şahmat oynamaq o qədər asan deyil. Bu illər ərzində məşqçiliklə məşğul olmuşam. Ona görə çempionatda ciddi çətinliklə üzləşmədim. Hərçənd kifayət qədər çətin partiyalar oldu. Lütfiyar Rüstəmov, Asəf Abdullayev çox yaxşı mübarizə nümayiş etdirdi. Yeganə xanım iştirakçımız Elmira Əliyeva dördüncü yeri tutmaqla yaxşı formada olduğunu göstərdi.
 
Əvvəlcədən elan olunduğu kimi, Azərbaycan Şahmat Federasiyası qalib şahmatçını və qadınlar arasında ən yaxşı nəticənin sahibini dünya çempionatına göndərəcək. Orada çox maraqlı və gərgin mübarizə gözləyirəm. Böyük fasilədən sonra yenidən qələbə uğrunda yarışmalıyıq. Dünya çempionatında iştirak etmək hər zaman xoşdur. Düşünürəm bir qədər hazırlaşmağım yaxşı olardı. Dünya çempionatı barədə proqnoz vermək düzgün olmaz”.
 
Beynəlxalq usta və SSRİ idman ustası olan Fikrət Sideifzadə, sovet dönəmində altı dəfə Azərbaycan çempionu olub. 1992-ci ildən isə məşqçilik fəailiyyətinə başlayan Fikrət Sideifzadə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Əməkdar məşqçi" və "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adlarına layiq görülüb.