6 güləşçimiz reytinq turnirinin finalında

  • 22 İyun 2022 17:32
  • 57

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb. Corner.az xəbər verir ki, ilk yarış günündə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.
 
60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biriylə qarşılaşıb. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər. 
 
B qrupunda yer alan Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib - 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında qalib gəldiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.
 
Murad yarımfinalda Helarini (9:4), Eldəniz isə Nihatı (9:0) üstələyib. 
63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib - 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib - 4:1.
 
Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib - 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib - 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) qalib gələrək adını finala yazdırıb. 
 
İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb - 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib - 2:0.
 
97 kq-da təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xallarıyla Murat Lokyayevi üstələyib - 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabıyla uduzub.
 
Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb - 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb - 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib - 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb.
 
Medal qarşılaşmaları Bakı vaxtı ilə 20:00-da başlayacaq.