Qalib xalqın millisində kapitan sarğısını daşımaq fəxrdir

  • 20 Sentyabr 2022 00:32
  • 48

Bu gün futzal üzrə Qazaxıstan yığması ilə keçirilmiş yoxlama oyununda zədələnən və matçı sona qədər davam etdirə bilməyən Azərbaycan millisinin kapitanı Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib. Corner.az həmin müsahibəni təqdim edir:

- Oyunla bağlı nələri qeyd etmək istərdin?
- Maraqlı, dinamik oyun alındı. Birinci hissədə daha yaxşı çıxış etdik. Taktiki planda düzgün oynadıq, az səhv etdik və hesabda üstünlük qazandıq. Təəssüf ki, ikinci hissədə bunu qorumağa çalışsaq da, bacarmadıq. Çünki gücümüz tükənmişdi. Az oyunçu ilə mübarizə aparırdıq, mən də zədələndikdən sonra ümumiyyətlə azlıqda qaldıq və yorulduq. Tam heyətlə bura gəlsəydik, nəticə də fərqli olacaqdı. Üstəlik, Batonla Qalo cəmi bir həftədir ki, məşqlərə başlayıblar, hələ hazır deyillər. İstənilən halda, yaxşı oyun alındı. Hakimlər də həmişəki kimi, yerli - öz komandalarına kömək etdilər.

- Zədələndiyinə görə oyunu sona qədər davam etdirə bilmədin. Baş məşqçi də növbəti matçda iştirak etməyəcəyini deyir..
- İndiki məqamda dəqiq bir söz deyə bilmərəm. Allahın köməyi ilə ciddi olmaz. Sabah baxacağıq. Meydana çıxmaq istəyirəm. Səhhətim buna imkan versə, oynayacağam.

- Bu oyunlar millinin rəsmi matçlarına hazırlıq xarakteri daşıyır. Polşa və Yunanıstanla oyunlara hazırıqmı?
- Məncə, hazırıq. Bu iki oyunun keçirilməsi çox xeyrimizə oldu. Tam heyətimiz səfərə gəlsəydi, əla olardı. Kasad heyətlə oynamaq, 40 dəqiqə mübarizə aparmaq çətindir. Ancaq birinci hissə nəyə qadir olduğumuzu göstərdi. Fineo, Tyaqo, İsa, Xətai də komandaya qoşulsalar, gücümüz artacaq. Yolumuz uzundur, işləməliyik.

- Bu gün meydana kapitan sarğısı ilə çıxdın. Özünü necə hiss edirdin?
- Hazırda o hissləri bölüşə bilməycəm, çünki ifadə etməyə söz tapmıram. Uşaqlara mənə dəstək olduqlarına, hörmət göstərdiklərinə görə təşəkkür edirəm. Həqiqətən çox şadam, sevincliyəm. Hər biriniz çox sağ olun. Qalib xalqın millisində çıxış etmək, kapitan sarğısını daşımaq fəxrdir.

- Karyeranda heç kapitan olmusan?
- Xeyr, ilk dəfə idi ki, kapitan seçilir, komandanı meydana çıxarırdım. Gözəl hisslərdir.

- Bu gün millimizin yer aldığı qrupda ilk oyun keçirildi və Polşa yığması Yunanıstan üzərində qələbə qazandı. Rəqiblərlə bağlı nə düşünürsən?
- Hörmətlə yanaşırıq. Hər iki komanda ilə oyunlarımız çətin keçəcək. Reytinqdə onlardan çox yüksəkdəyik, amma futzal durmadan inkişaf edir. Qarşımıza məqsəd qoyulub və buna çatmaq üçün öhdəmizə düşəni edəcəyik. Allahın köməyi ilə yenidən mundialda iştirak edərik.