Şəhidlərin xatirəsinə həsr edilən veloyürüş keçirildi

  • 24 Sentyabr 2022 16:22
  • 66

Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib.

Azərbaycan Velosiped Federasiyasından (AVF) Corner.az-a verilən məlumata görə, 27 sentyabr - Anım Günü ilə bağlı təşkil etdiyi veloyürüşə 30-dan çox qazi, qurumun nümayəndələri və milli komandanın üzvləri qatılıb.

Öncə yürüş iştirakçıları İkinci Fəxri xiyabanı ziyarət ediblər. 44 günlük Vətən müharibəsində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Qazilər Hərbi Qənimətlər Parkını gəzib, Vətən müharibəsi zamanı düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursata bir daha baxıb,Vətən müharibəsində Azərbaycan hərbçilərinin qəhrəmanlığından, keçdikləri döyüş yolundan danışıblar.