Dani Alveş məhkəmədən şans istədi, xanımının durumu ağırlaşdı

  • 23 Yanvar 2023 18:39
  • 101

Bir neçə gün öncə təcavüz iddiasına görə İspaniyada həbs olunan braziliyalı futbolçu Dani Alveşin ailə üzvləri baş verənlərə münasibət bildiriblər. Corner.az xəbər verir ki, onlar 39 yaşlı oyunçunun günahsız olduğuna əmin olduqlarını söyləyiblər.
 
Futbolçunun keçmiş həyat yoldaşı, iki uşaq anası Dinora Santana Daninin günahsız olduğunu bildirib: “O, heç vaxt belə bir hərəkət etməz. 22 ildir onu tanıyıram, 10 il birgə yaşamışıq. Bu, həm mənim, həm də uşaqlarım üçün şok oldu”.
 
Daninin qardaşı Junior Alveş isə məsələ ilə daha yaxından maraqlanmaq üçün İspaniyaya yollanıb. O, valideynlərinin də ən qısa zamanda Barselonaya gələcəyini vurğulayıb: “Mən artıq bacarmıram. Məhdudiyyətlər var. Nə edəcəyimi bilmirəm. Amma onu bu cəhənnəmdən çıxarmaq üçün lazım olsa, canımızı da verəcəyik”.
 
Futbolçunun həyat yoldaşı Joana Sanz isə bildirib ki, çox çətin günlər yaşayır, çünki Daninin həbsindən bir neçə gün əvvəl anası vəfat edib və vəziyyəti daha da ağırlaşıb: “Mediadan xahiş edirəm ki, şəxsi həyatıma hörmət etsinlər. Anam bir həftə əvvəl vəfat edib. Həyatımın yeganə iki sütununu itirmişəm. Başqalarının dərdində bu qədər xəbər axtarmaqdansa, bir az empatiyaya sahib olun”.
 
Bu arada Alveş ifadə vermək üçün yenidən fürsət istəyib. O, öncə Barselonada gecə klubunun tualetində 23 yaşlı qızın zorlanması ilə bağlı 3 dəfə müxtəlif ifadələr verib. Əvvəlcə zorlamaqda ittiham olunan qızı tanımadığını, sonra onu gördüyünü deyib. Daha sonra isə həqiqətən də qızla münasibətdə  olduğunu söyləyib.
 
23 yaşlı qız isə təzminatdan imtina edib və Daninin həbsə düşməsini istəyir.
 
Qeyd edək ki, futbolçunu  4 ildən 12 ilə qədər həbs gözləyir.