Dani Alveşin işi ilə bağlı şahidlər dindirilib

  • 24 Yanvar 2023 23:02
  • 61

Ötən ilin sonunda Barselonadakı barlardan birində 23 yaşlı qadına təcavüz etməkdə ittiham olunan braziliyalı futbolçu Dani Alveşin işi ilə bağlı istintaq araşdırmaları davam etdirilir. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, son olaraq zərərçəkənin rəfiqəsi və əmisi qızının ifadələri alınıb.
 
Onlar da Alveşin sözügedən xanıma qarşı təcavüzkar davranışını təsdiqləyiblər. Həmin gecə zərərçəkənlə birgə olan şahidlər 39 yaşlı futbolçunun onun intim yerlərini əllədiyinə şahid olduqlarını diqqətə çatdırıblar.
 
Müxtəlif şahidlərin verdiyi ifadələrin, futbolçunun öz ifadəsinin dəyişməsi, çoxsaylı sübutlar hər gün daha çox məlumatın ortaya çıxmasına imkan verir. Bu baxımdan hadisənin baş verdiyi barda təhlükəsizlik kameralarına düşən görüntülərin də böyük önəm daşıdığı gözlənilir. 
 
Xatırladaq ki, yanvarın 20-də Barselonada saxlanılan Dani Alveş haqqında elə həmin gün həbs qəti imkan tədbiri seçilib. Üç gün sonra isə o, başqa həbsxanaya köçürülüb. Onun 4 ildən 12 ilədək azadlıqdan məhrum edilməsi gözlənilir.