MTB üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib

  • 18 Mart 2023 19:05
  • 55

Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya Kuboku keçirilib.


Federasiyadan Corner.Az-a verilən məlumata görə, Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda ümumilikdə 30 velosipedçi qrup ötüşməsində mübarizə aparıblar.


15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 7 km (hər dairə 3,5 km olmaqla 2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 9 km (hər dairə 4.5 km olmaqla 2 dairə) məsafə qət ediblər.


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Aqşin Bağırlı (MTB-AVF, 19:26) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Emin Süleymanov (MTB-AVF, 21:33) ikinci, Mübariz Süleymanov isə (MTB-AVF, 21:39) üçüncü yerdə qərarlaşıblar.


15 və 17 yaşadək oğlanların mübarizəsində isə Qəhrəman Hacızadə (MTB-AVF, 09:37) hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tahir Quluzadə (ROEQİUGVM, 10:07) ikinci, Toğrul Məmmədli (MTB-AVF, 10:44) isə üçüncü yerlə kifayətləniblər.


Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.