Şəhriyar Məmmədyarov 37,500 dollar qazana bilər

  • 6 Noyabr 2019 13:50
  • 65

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək “Grand Chess Tour” seriyalı turnirin altıncı mərhələsində ilk görüşünü keçirəcək.

Corner.az xəbər verir ki, ilk yarış günündə iştirakçılar rapiddə 3 tur oynayacaqlar. 34 yaşlı qrossmeysterin birinci rəqibi vyetnamlı Le Kuanq Lyom olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Yarışda Məmmədyarov və Lyomla yanaşı, daha 8 şahmatçı - Aniş Giri (Hollandiya), Vişvanatan Anand (Hindistan), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Sergey Karyakin, Vladislav Artyomov (hər ikisi Rusiya), Anton Korobov (Ukrayna) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaq.

İştirakçılar 6 - 8 noyabrda rapid (1 dövrə), 9 - 10 noyabrda blits (2 dövrə) növündə bacarıqlarını nümayiş etdirəcəklər.

Məmmədyarovun da daxil olduğu 12 tamhüquqlu və 14 qonaq iştirakçının mübarizə apardığı “Grand Chess Tour” 8 mərhələdən ibarətdir. İlk 7 raundun nəticəsinə əsasən "dördlüy"ə düşəcək şahmatçılar dekabrın 2-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək həlledici mərhələyə vəsiqə qazanacaq.

Hazırda 13,5 xalı və 41,250 dollar gəliri olan Məmmədyarov 12-ci sıradadır. Kot dİvuardakı mərhələni buraxan Azərbaycan şahmatçısı Xorvatiyada 9-cu, Fransada 8-ci, ABŞ-da isə 10-cu yeri tutub. Lider norveçli Maqnus Karlsendir. Dünya çempionu hələlik 205 min dollar mükafat əldə edib.

Buxarestdə 1-ci yeri tutacaq şahmatçı 37,500 dollar götürəcək. Yarışın mükafat fondu 150 min dollardır.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirinin 1/8 finalında bu gün Rusiya təmsilçisi Daniil Dubovla ikinci görüşünü keçirəcək. İlk görüşdə qalib müəyyənləşmədiyindən, yenə heç-heçə qeydə alınsa, sabah “tay-breyk” olacaq. (report)