Ev tuta bilmir, tribunanın altında qalırdım - Raysel

  • 22 Fevral 2021 08:55
  • 34

"Qəbələ" klubunun futbolçusu Nikolas Raysel "Footmercato" nəşrinə müsahibə verib. Corner.az həmin müsahibəni təqdim edir.

- Gənc yaşlarında PSJ-yə keçmək sizin üçün xəyal idi?

- Bəli. Uşaqlıqdan bunu arzulayırdım. Arzumu reallaşdırmağa və futbol oynamağa çalışmaq istədim. PSJ mənim ətrafımdakı ən böyük klub idi. Beləliklə, bu, xəyal və başlanğıc idi. Həm də ailəm üçün qürur oldu.

- PSJ-də 1993-cü ilin futbolçuları inkişaf etdi...

- Jan-Kristof Baebek, Alfons Areolya, Yussuf Sabali və İlan Bokkara ilə təlim keçmişəm. 1993-cü il nəslindən çoxlu istedadın olmasına baxmayaraq, ən yüksək səviyyəyə çatanların sayı azdır. Hələ də vaxtaşırı Jan-Kristof Baebeklə əlaqə saxlayıram. Alfons Areolya nadir futbolçulardandır. Onun başqa statusu var. Bir neçə il əvvəl ona mesaj göndərdim və cavab gəldi. Hamımızın davamlı təmasda olduğumuzu söyləsəm, yalan olar. Ancaq hərdən danışırıq, xüsusən də bu, yüksək səviyyədə olmayan oyunçularla mümkündür.

- PSJ-yə "Qatar Sports Incestmenst" (QSI) gəldikdən sonra hansı fərqləri hiss etdiniz?

- Mən hələ orada olduğum zaman fərqlər var idi. Deyək ki, yenə də olduqca az idi. QSI-dən əvvəl orada idim, onlar gələndən sonra isə iki il qaldım. Dəyişikliklər özünü göstərdi, bu, yeni dövrün başlanğıcı idi. Digər tərəfdən, təlim-məşq bazasına qayıtdıqda işlərin çox dəyişdiyini gördüm. Bizdə bu cür keyfiyyətli məşq meydanları yox idi. Fiziki məşqçilər, masajçılar, həkimlərdə gənclərin sayı iki, hətta üç dəfə artdı.

- 8 il Paris klubunda oldunuz. Sizin üçün ən yaddaqalanı nə idi?

- Parislə bağlı çoxlu xatirəm var. Məsələn, Fransa çempionatındakı titullar. QSI dövründə keçirdiyim iki il ərzində böyük ulduzlarla məşq etdim. Zlatan İbrahimoviç, Devid Bekhem, Esekyel Lavessi, Marko Verratti və s. kimi oyunçularla birgə çalışmaq imkanım oldu. Bunlar əla xatirələrdir. Bütün bu futbolçularla məşq etmək nəyə qadir olduğunu görmək və xəyalına çatmaq üçün nə qədər iş görməli olduğunu göstərir.

- Zlatan İbrahimoviçdən nə isə öyrənə bildinizmi?

- Bəli. Onlarla məşq edərək və onlara baxaraq öyrənirdim. Məsələn, hər kəs Zlatanı davranışına və xarakterinə görə tənqid edir. Ancaq çox çalışqan insandır. Məşqdə belə, uduzmaq istəmirdi. Uduzanda dəli olurdu. İrəliləyən dönəmdə orada olmağın və məşq etməyin gözəl olduğunu düşünərək, ondan bir az ilham almağa çalışdım. Bütün oyunlardan qalib ayrılmaq üçün meydanda əlinizdən gələn hər şeyi etməlisiniz. Daha əvvəl belə rəqabət ruhuna sahib deyildim. Amma yanında məşq etməklə, mənə o, bunu verdi. Düşünürəm ki, məşqlərdə ondan əldə etdiyim keyfiyyət budur. Futbolçu və fərd kimi böyüməyimə səbəb olan məşqçilərin və futbolçuların keyfiyyətlərini xatırlayıram. Evlərimizi və ailələrimizi çox erkən tərk etdiyimiz üçün daha yaxşı olmağımıza kömək etdilər. Hamısı çox maraqlı idi.

- 2013-cü ildə paytaxt klubundan ayrıldınız. Macəranız necə sona çatdı?

- İki illik peşəkar müqavilənin sonuna yaxınlaşırdım. 1,5 il əvvəl böyük zədə ilə üzləşdim və 6-7 ay oynamadım. Qayıtmaq üçün bir az vaxt lazım oldu. PSJ-nin əvəzedici komandasında oynadım. Orada bir çox oyunçu əsas komandaya cəlb edildi. Parisdəki son iki ilim çətin keçdi. Həqiqətən burada karyerama davam edə bilmədim və başqa kluba keçməyə məcbur qaldım. 2013-cü ildə yalnız 2-3 futbolçu ilə müqavilə imzalanmışdı.

- Həmin vaxt özünüzü necə hiss etdiniz?

- Xəyalım PSJ-də qalmaq, və "Park de Prens"də oynamaq idi. Əvvəl buna hazır idim. Macəranın istənilən vaxt dayana biləcəyini dərk edirdim. Öz-özümə dedim ki, PSJ-də olmasa, başqa yerdə davam edərəm və bir gün bu kluba qayıda bilərəm. Bu gün üçün şübhəsiz ki, çətin görünür. Ancaq karyeram maraqlı olduğu üçün narazı deyiləm. Çoxlu fiziki problemim var idi. Eyni zamanda çox maraqlı, çətin anlar yaşadım. Çətinliklərə baxmayaraq, hər zaman başımı qaldırmağı bacardım və məqsədlərimə çatmaq üçün çalışmağa davam etdim.

- PSJ-ni tərk etdikdən sonra nə ilə məşğul oldunuz?
- Bütün qüvvəmlə özümə klub tapmağa çalışdım. 6-7 ay işsiz qaldım. Valideynlərimin yanına qayıtdım. Ağır idi, çünki ailəmdən 8 ildir aralı idim. Futbol oynamamaq da adama ağır gəlirdi. Xüsusən 20 yaşında olduğun vaxt. Yarım ildən sonra Sloveniyadakı valideynlərimin sayəsində "Olimpiya" (Lyublyana) komandasında baxışda oldum. Oyun vaxtı mənə yerli "Tselye" komandası göz qoydu. Nəticədə 2014-cü ilin əvvəlində bu klubla müqavilə bağladım. Bu, mənim üçün çox pozitiv idi. Çünki Sloveniyanın U-21 yığmasında oyun keçirə bildim və hətta qol vurdum. Əla xatirə idi. Hərçənd, orada keçirdiyim 8 ay ərzində hər şey asan olmadı. Bütün bu müddətdə stadionun tribunaları altında yaşadım.

- Bu, xeyli inanılmazdır. Zəhmət olmasa, anlatın...
- Tribunanın altında otaq var idi. Kiçik məbləğdə əmək haqqı aldığımdan, ev tuta bilmirdim. İtaliyalı komanda yoldaşımla birgə qalır, eyni dildə danışa bilmirdik. Həmin vaxt ingilis dilində elə də yaxşı danışmırdım. Hər birimizin çarpayısı var idi. Bu, bizim evimiz sayılırdı. Paltaryuyan qadın otağımızla üzbəüzdə işləyirdi. O, hər gün bizimlə birgə olurdu. Bu, ağlasığmaz əhvalatdır. Yalnız 2 çarpayı var idi, hətta televizor belə yox idi. Heç nə! Xoşbəxtlikdən, həmin vaxt kompüterim var idi. İndi düşünürəm ki, bunları heç bir klubda görməmişəm. Özüm-özümə deyirəm ki, müəyyən mənada şərəfə nail olmuşam. İki dünya tanıyırdım. Zlatan İbrahimoviçin olduğu PSJ-dən bura ona görə keçmişdim ki, Sloveniyada platforma altında yatım. Özümə deyirdim ki, ot da hər yerdə eyni cür bitmir. Bu gün problemin ola bilər, amma işləməyə davam etmək lazımdır. Orada mənim əla xatirələrim qalıb. Yəni, şorbama tüpürə bilmərəm. Ola bilsin, bu, məni güclü etdi və 900 avro maaşla Belçikanın üçüncü divizion klubuna keçdim. Buna görə çox xoşbəxt idim. Çünki həm paytaxt Brüsselə, həm də Fransaya yaxın idi. Sloveniyadan fərqli olaraq, orada ev kirayəsi verirdim. Bu məbləğ 600 avro idi. Hesabda az məbləğ qaldığından, xərclərdə ehtiyatlı olmalı idik. Amma mənəvi cəhətdən hazırlıqlı idim. Çünki daha pisinin nə olduğunu bilirdim. Belə deyim: Sloveniya dövrüm ölməmək üçün yaşamaq idi. Belçikada olanda özümü bu itkilərə hazır sayırdım. Sloveniyadan gedəndən sonra əhval-ruhiyyəm dəyişdi. İşin nə olduğunu sonradan anladım. Əla inkişaf dövrüm oldu. Bunun nəticəsində Belçika birinci divizionunu gördüm.

- Geriyə boylandıqda özünüzlə fəxt edirsiniz?
- Bəli, bu, fəxrdir. Karyerama baxdıqda deyirəm ki, çox az adam mənim yaşadıqlarımdan - zədələr, məyusluqlar, stadionda yatmaq, az maaş almaq və s. sonra karyeralarına davam edə bilərdi. Karyeramla və belə insan olmağımla fəxr edirəm. Arzularımı hər zaman beynimdə gəzdirmişəm və heç vaxt təslim olmamışam. Bu tarix bəzi oyunçuları rahatlada bilər. Onlar özlərinə deyə bilərlər: O, bütün neqativ aspektlərə rəğmən, dözdü və davam etdi, heç vaxt təslim olmadı". Bu, mənim üçün əla, fəxarətli tarixdir. Futbola və sevdiyin insanlara olan ehtirasın, onları məyus etməmək istəyi mənə təslim olmamaqda kömək etdi. Valideynlərim məndən ötrü çox əziyyət çəkirdilər. Gənc olduğum vaxt onlar uzun məsafələr qət edirdilər ki, məni bütün Parisin futbol stadionlarına aparsınlar. Özümə dedim ki, onların əziyyətlərini yerə vura bilmərəm. Şikayətlənməyə haqqım yox idi. Atam mənimlə danışdıqda gözlərim yaşarır. O, deyir ki, sənin yerində olsaydım, yaşadıqlarından sonra çoxdan dayanardım. Bu sözlər məni daha da möhkəmləndirir. Bütün bunlar məni bir kişi kimi formalaşdırıb. (report)


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI