Kəpəz rəsmisi: Bu qərar ən çox bizi sevindirir

  • 14 Sentyabr 2021 13:27
  • 60

“Kəpəz”in icraçı direktoru İlqar Nadiri klubun mətbuat xidmətinə açıqlama verib.

Corner.az xəbər verir ki, Gəncə təmsilçisinin rəsmisi, hədəflərinin çempionluq olduğunu deyib:

“Hədəfimiz böyükdür, məqsədimiz çempionluqdur. İnanırıq ki, bu mövsüm komandamız yaxşı nəticə göstərəcək və azarkeşləri sevindirəcək.

Qarşıya qoyulan hədəfi həyata keçirmək üçün əməli addımlar atmışıq. İlk növbədə, yay transfer dövründə bir neçə tanınan təcrübəli futbolçunu heyətə cəlb etdik. Onların arasında elita təcrübəsinə malik simalar da var. Bu oyunçular da ümid edirik ki, “Kəpəz”in uğurlu nəticə göstərməsinə kömək edəcəklər”.

İlqar Nadiri, “Kəpəz”in ən böyük dəyərinin onun azarkeşləri olduğunu vurğulayıb:

“Həmişə “Kəpəz” azarkeşləri ilə fərqlənib. Klubun köklü tarixi kimi böyük azarkeş ordusu da var. Fanatlarımız komandanın nəticəsindən asılı olmayaraq “sarı-göylər”in yanında olublar və yüksək yerlərdə görmək istəyiblər. Dəstəyə görə onlara minnətdarıq. “Kəpəz”i dəyərli, qiymətli edən onun azarkeşləridir”.

Klub rəsmisi, yeni mövsümdən stadionlara azarkeşlərin buraxılması məsələsinə də toxunub:

“Xoş bir haldır ki, artıq stadionlara tamaşaçı buraxılır. Bu qərar təbii olaraq, ən çox bizi sevindirir. Çünki “Kəpəz” azarkeşi komandasını tribunadan dəstəkləyir. İnşallah, çempionat ərzində oyunlarımız zamanı fanatlarımızı doğma arenamızda gözləyəcəyik. Komanda da onlara layiq şəkildə mübarizə aparıb, qələbələrlə gəncəliləri sevindirəcək”.