Özümü uzun illər U-21-də görmürəm - Millimizin baş məşqçisi

  • 1 Dekabr 2021 17:53
  • 61

"Özümü uzun illər U-21 yığmasının baş məşqçisi kimi görmürəm. Hələlik dəqiq bildiyim yalnız budur. Müqaviləm başa çatdıqdan sonra AFFA ilə danışıqlarımız olacaq. Nəticələri, gələcək planları müzakirə etdikdən sonra qərar veriləcək."

Corner.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin serbiyalı baş məşqçisi Milan Obradoviç "Report"a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

- U-21 yığması Avropa çempionatının seçmə mərhələsində 6 oyundan sonra 1 xalla qrup sonuncusudur. Komanda niyə belə zəif çıxış edir, problem nədədir?

- Mən burada hər hansı problem görmürəm. Amma sual vermisinizsə, cavablandırmalıyam. Qrupda Xorvatiya və Avstriya yığmalarının hər birinə qarşı 2 oyun keçirmişik. Bu matçlarda həmin komandalarla aramızdakı fərq hiss olundu. Amma Finlandiya və Norveçlə görüşlərdən danışsaq, onlar oynaya biləcəyimiz daha münasib rəqiblərdir. Düzdür, Norveç millisi Avstriyaya qalib gəlib. Bununla belə, onlara qarşı görüşdə ortaya keyfiyyətli oyun qoya bildik. Son dəqiqələrdə hesabı bərabərləşdirmək üçün yaxşı şansımız olsa da, təəssüf ki, yararlana bilmədik. Nəticədə 1:2 hesabı ilə məğlub olduq.

- Hazırkı nəticə sizi qane edir?

- Əlbəttə, 1 xala görə xoşbəxt deyiləm. Eyni sözləri futbolçularım barədə də deyə bilərəm. Əlimizə düşən imkanları dəyərləndirsəydik, 2-3 xal artıq yığa bilərdik. Yenə deyirəm, qazanılan 1 xal heç kimi qane etmir. Çünki komandam bundan daha yaxşısını etməyə qadirdir. Yalnız bəzi oyun elementlərindən razı qala bilərəm. Hiss olunur ki, müəyyən inkişafa nail olmuşuq. Amma bu, mənim üçün kifayət etmir. Futbolçularımdan istəyim odur ki, 90 dəqiqə ərzində eyni səviyyədə mübarizə aparsınlar.

- AFFA ilə müqaviləniz cari seçmə mərhələnin sonunda, yəni, gələn ilin iyununda başa çatacaq. Azərbaycan yığmasındakı gələcəyiniz haqqında nə düşünürsünüz?

- Özümü uzun illər U-21 yığmasının baş məşqçisi kimi görmürəm. Hələlik dəqiq bildiyim yalnız budur. Müqaviləm başa çatdıqdan sonra AFFA ilə danışıqlarımız olacaq. Nəticələri, gələcək planları müzakirə etdikdən sonra qərar veriləcək. Özümü müəyyən təcrübə toplamış gənc mütəxəssis sayıram. Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında baş məşqçi, əsas millisində isə köməkçi-məşqçi kimi çalışmışam.

- Yeri gəlmişkən, Serbiya millisi seçmə mərhələdə mübarizə apardığı A qrupunu lider kimi tamamlayaraq, dünya çempionatına birbaşa vəsiqə qazandı. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Doğma komandamızı Qətərdəki dünya çempionatında izləyə biləcəyimiz üçün xoşbəxtik. Kollektiv, futbolçular bütün xoş sözlərə layiqdir. Portuqaliya kimi yığmanı qabaqlayıb final mərhələsinə birbaşa vəsiqə qazandılar. Serbiya qrupdakı ən vacib matçını son turda məhz portuqlaiyalılara qarşı keçirdi və 2:1 hesablı qələbə qazandı. Deyərdim ki, bu, yığmamızın ən yaxşı oyunlarından biri idi. Tamamilə aqressiv, sürətli oyun nümayiş etdirdik. Futbolçular meydanın hər santimetri uğrunda mübarizə apardı. Bu cür güclü rəqibə, demək olar ki, şans vermədilər. Yeganə səhvimiz Portuqaliyanın vurduğu qol epizodunda oldu. Daha sonra Duşan Tadiç və Aleksandar Mitrorviç fərqlənərək, milli komandaya əzmkar qələbə qazandırdılar.

- Yığmanın bu uğurunu nə ilə əlaqələndirərdiniz?

- Bilirsiniz, Serbiyanın gənclər yığması çox güclüdür. Aşağıdan yaxşı futbolçular yetişir. Onlar əsas millinin gələcəyidirlər. Dünya çempionatına vəsiqə qazanmağımız həmin gənclər üçün də önəmli idi. Bu uğurda hər kəsin əməyi, rolu var. Amma daha da inkişaf edə, güclü rəqiblərlə oyunlardan yeni şeylər öyrənə bilərik.

- A qrupunda Azərbaycan millisi də mübarizə aparırdı və hər iki oyunda Serbiyaya uduzdu...

- Asan qrup deyildi. Təkcə Serbiya və Azərbaycan arasındakı oyunları göstərmək kifayətdir. Yığmamız ilk görüşdə çətin qələbə qazandı. Evdəki qarşılaşma da asan keçmədi. Serbiya millisi yalnız ikinci hissədə vurduğu qollarla qələbə qazandı. Bundan sonra nəzarət tamamilə bizim tərəfimizə keçdi. Görüşü mən də izlədim. Azərbaycan həqiqətən keyfiyyətli oyun göstərdi.

- Yəqin ki, bu uğura görə hər iki matçda Serbiyaya uduzan Azərbaycan millisinə də minnətdar olmalısınız...

- (Gülür). Bilirsiniz, hər bir komanda özü üçün oynayır. Hər yığma qol vurmaq, xal və ya xallar qazanmaq istəyir. Bu, futboldur, burada hər zaman güclü komandalar qalib gəlmir. Bəzən əksi də baş verir. Azərbaycan seçmə mərhələdə bir çox yığmaya başağrı oldu. Xüsusilə Bakıdakı qarşılaşmada Serbiya yığmasına xeyli çətinliklər yaşatdı. Nəticə komandanın gücünü, səviyyəsini göstərmir. Bəzən, kollektiv yaxşı oyun sərgiləyir, amma 1 səhv həlledici olur. 18 il öncə millimiz Avropa çempionatının seçmə mərhələsinin hər iki oyununda Azərbaycanı uda bilməmişdi. Evdə 2:2 hesabı ilə bitən matçda hər iki qolu Qurban Qurbanov vurmuşdu. Bakıda isə 1:2 hesabı ilə uduzmuşduq. Nəticə final mərhələsinə gedə bilməmişdik.

- Sonda Aleksandar Mitroviçlə bağlı soruşmaq istərdik. Hazırda İngiltərənin "Fulhem" klubunda çıxış edən 2 yaşlı hücumçu seçmə mərhələdə daha vacib qollar vurdu. Amma biz onu intizamsız futbolçu kimi tanıyırıq. Çünki Mitroviç 2012-ci ildə "Partizan"ın heyətində Bakıdakı UEFA Avropa Liqasının qrup matçında "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə qarşı təhqiramiz hərəkətlər etmişdi. Sizcə, intizamsızlığı onun daha yaxşı klubda oynamasına mane olmur?

- Mitroviçi çox yaxşı tanıyıram. Onunla 6 ay "Partizan"da birlikdə oynamışam. Daha sonra Belçika "Anderlext"inə getdi. 2012-ci ildə çox gənc idi. Hər bir gənc futbolçu kimi enerjisi çox idi. Raziyam, "Neftçi" ilə görüşdə idmançıya yaraşmayan hərəkət etmişdi. Amma ümumilikdə başqa cür insandır. O vaxtdan bu yana xeyli dəyişib. Onunla söhbət edəndə, bir fincan qəhvə içəndə bunu açıq-aşkar hiss edirsən. İnsanlar bu futbolçuya hörmət edir. Mitroviç Serbiya yığmasının tarixində ən yaxşı hücumçudur. Təsəvvür edin, millidə nə qədər qol vurub. Bəlkə də hücumçu kimi çox pressinq etmir, amma rəqibin cərimə meydançasında heyvan kimidir, əsl 9 nömrədir. Çox gözəl qol durumu və topu saxlama bacarığı var. Bu mənada, İngiltərə variantı ən doğru seçimdir. Çünki orada bu cür oynayan hücumçulara ehtiyac var. Hazırda aşağı liqada oynayır. Amma düşünürəm ki, "Fulhem" tezliklə Premyer Liqaya qayıdacaq. Mitroviçin İngiltərədə daha yaxşı kluba keçmək üçün həm keyfiyyəti, həm də yaxşı əlaqələri var. Sadəcə, özünü "Fulhem"də rahat hiss etdiyi üçün orada oynayır. Hər yaxşı oyunçu top-klubda çıxış etmir. Daha yaxşı maaşa daha iddialı kluba keçə bilər. Lakin bu, Mitroviçin seçimidir və ona hörmətlə yanaşmaq lazımdır.