Sumqayıt'da iz buraxmaq istəyirəm - Baqa

  • 17 Yanvar 2022 12:00
  • 62

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Belarus mətbuatına müsahibə verib. Corner.az xəbər verir ki, STV telekanalına danışan Baqa  Azərbaycan təmsilçisini seçmə səbəbini açıqlayıb:
 
“Sumqayıt”ı sadə səbəbdən seçdim. Demək olar ki, ən yaxşı təklif bu idi. Klub rəhbərliyi ilə görüşəndən sonra böyük bir layihə olduğunu gördüm. Belə maraq olan təqdirdə, bundan istifadə etməmək günah olardı. Komandamızda 8 oyunçu milliyə çağırılıb. İşləmək üçün yaxşı material və maraqlı çempionat mövcuddur. “Sumqayıt”da iz buraxmaq istəyirəm”.
 
Baqa yeni ölkədə çalışmaqdan narahat olmadığını vurğulayıb: “Uzunmüddətli müqavilə imzalandı. İz buraxmaq üçün burada mümkün qədər uzun müddət məhsuldar işləmək istəyirəm. Hər gün çox çalışmağı, fayda verməyi, futbolçulara yeni nəsə öyrətməyi qarşıma məqsəd qoydum. Mövsümün ilk yarısında çox xallar itirilib. Heç kim ilk “üçlüy”ə düşmə vəzifəsi qoymayıb. Hər şeyə real yanaşırıq. Turnir cədvəlindəki yerdən qorxmuruq. Futbolçularla və məşqçilər korpusu ilə danışmışam. Hər şeydən əvvəl psixoloji durumdur. Çempionatda üçüncü yeri tutub, avrokuboklarda iştirak edib, milliyə çağırıldıqdan sonra iki ayda futbol oynamağı unutmaq mümkün deyil. Vəziyyət yəqin ki, hər kəs üçün başa düşüləndir. Ona görə də psixoloji məqam daha önəmlidir”. 
 
“Sumqayıt” artıq Antalyada qış təlim-məşq toplanışına başlayıb. Bu barədə danışan Baqa bildirib ki, hazırlıqda psixoloji məqamlara, eləcə də texniki-taktiki məsələlərə xüsusi diqqət yetiriləcək: “Azərbaycanda çempionat payız-yaz sistemi üzrə keçirilir. Birinci yarı başa çatıb, ikinci yarıya hazırlaşmaq üçün hamıya yaxşı tanış olan Türkiyəni seçdik. Fevralın 2-də bizi “Qəbələ” ilə kubok oyunu gözləyir. Ardından çempionat matçına çıxacağıq. Hazırlıqda psixoloji məqamlara, eləcə də texniki-taktiki məsələlərə xüsusi diqqət yetiriləcək. Türkiyədə bunu ən qısa zamanda həll etməyə və vəziyyəti düzəltməyə çalışacağam”.