AFFA-dan pul aldı, ispanlar üçün qol vurdu

  • 17 Noyabr 2019 10:49
  • 91

Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu “Albasete” dünən İspaniya Sequndasında vacib qələbə qazandı. “Saraqosa” ilə səfər matçında yeganə qola sevinən komanda 6-cı pilləyə yüksəldi. “Albasete” bu qələbə sayəsində elitaya yüksəlmək yolundakı əsas rəqiblərindən birini yenib, turnir cədvəlində ondan önə keçdi.
 
Saraqosalılar 88-ci dəqiqədə penaltini boşa verdi, “Albasete”nin 90+4-cü dəqiqədəki qələbə qolunu isə məhz Eddi vurdu. Dəvət məktubunun yubanmasını bəhanə edərək İsrafilovu millinin düşərgəsinə buraxmayan ispanlar millimizin üzvündən bu cür faydalandı. İndiyədək millidə hətta qol ötürməsi olmayan futbolçu beləcə kluba daha çox can yandırdığını, milliyə barmaqarası yanaşdığını göstərdi.
 
Eddinin milliyə gəlməməsi texniki problemlə əlaqələndirilirdi. Guya ki, AFFA-nın göndərdiyi dəvət məktubu İspaniya klubuna vaxtında çatmayıb. Halbuki “Albasete” rəsmiləri Eddinin millidən kənar qalmasını AFFA-yla razılaşdırdıqlarını etiraf etdilər.
 
Beləliklə, millimizdə oynaması üçün 1 milyon dollar alan İsrafilov çətin məqamda yığmanı yox, klubu seçdi. Biz Uelsə uduzduğumuz vaxt bu oyunçu klubu üçün meydanda can qoyurdu. İndi AFFA rəhbərliyi həmin pulu kimə və niyə verdiklərinin səbəbini açıqlasın. SOCAR-ın pulu ilə “Albasete”ni inkişaf etdiririk? (futbolinfo.az)