Essyen Liverpul və PSJ-nin təklifini rədd edib

  • 18 May 2020 14:02
  • 65

"Təkliflərim çox idi. Jerar Ulye baş məşqçi olanda "Liverpul"la müqavilə imzalamağa yaxın idim". 

Corner.az-ın məlumatına görə, bunu "Səbail" klubunun futbolçusu Maykl Essyen "GHANASoccernet.com" nəşrinə açıqlamasında 2002-ci ildə Fransanın "Bastiya" komandasında çıxış edərkən Mersisayd təmsilçisinə keçmək ehtimalı barədə danışarkən deyib. 

38 yaşlı yarımmüdafiəçi həmin vaxt baş məşqçi ilə görüşmək üçün Melvuda getdiyini bildirib: "Ulye ilə söhbətləşdim və daha sonra Fransaya qayıtdım. Təkliflər isə hələ də gəlirdi. PSJ, "Marsel" və digərləri... Ancaq mən getmək niyyətində olmadığımı söylədim, klubum da məni satmaq istəmədi. Daha bir il qalmağımı məsləhət gördülər. Klubda qaldım, bu, mənim "Bastiya"da üçüncü ilim idi".

2003-cü ildə Fransanın digər komandası "Lion"a keçdiyini xatırladan təcrübəli oyunçunun sözlərinə görə, həmin vaxt İngiltərə getmək üçün tez idi: "Lion" Fransaya gedəndə ən sevdiyim komanda idi, çünki hər şeyi qazanmışdılar. Agentimə dedim ki, məni heyətə cəlb etmək fikirləri olsa, istəyərəm. PSJ də mənimlə ciddi maraqlanırdı. O vaxt Qanada idim. Zəng etdilər, təklif gəldiyini dedilər. Milli televiziyada PSJ ilə müqavilə imzaladığımı da söylədilər, amma mən hələ Qanada idim".

Essyen agentinin "Bastiya" rəhbərliyi ilə ciddi mübahisələri üzündən geri qayıdaraq, klubun İdarə Heyətinin üzvləri və prezidenti ilə görüşdüyünü xatırladıb: "Parisi çox sevsəm də, "Lion"a keçməyi üstün tutduğumu söylədim".

Qeyd edək ki, peşəkar karyerasına “Bastiya”da başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “zadəganlar"ın heyətində 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub. Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. (report)