Neftçi'ni layiq olduğu yerlərə gətirməyə çalışacağam

  • 22 İyun 2022 14:45
  • 39

"Hamını salamlayır, buraya gələnlərə təşəkkürümü bildirirəm. Keçidimdə əməyi keçən hər kəsə minnətdaram".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf "Bakcell Arena"da təşkil olunmuş mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, bu gündən komandanı məşqə çıxaracaq: "Klubu layiq olduğu yerlərə gətirməyə çalışacağam. UEFA Konfrans Liqasında uğurlar qazanmaq istəyirik. Eyni zamanda, ölkə çempionluğu uğrunda mübarizə aparacağıq. Asan olmayacağını bilirik".

45 yaşlı baş məşqçi hazırlıq üçün vaxtın az olduğunu söyləyib: "Milli komandanın oyunçuları düşərgəyə hələ qoşulmayıblar. Bir neçə gün sonra bizimlə bərabər olacaqlar. Digər futbolçular isə komanda ilə hazırlıqda iştirak edir. İyulun 1-dən ölkə xaricində təlim-məşq toplanışına başlayacağıq. Orada hamı bizə qoşulacaq. Bura vaxtdan şikayətlənmük üçün gəlməmişəm. Vaxtla bağlı hər zaman çətinlik olur. Çünki zaman sürətlə keçir. Əminəm ki, Konfrans Liqasının ilk matçınadək komanda hazır olacaq".

Regekampf hazırda transferlər barədə suallara cavab verməyin doğru olmadığını vurğulayıb: "Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq. Biz tərəfdən qısa zamanda yeni oyunçular haqqında mesaj alacaqsınız".

O, çalışdığı hər komandada təzyiq altında işlədiyi sözlərini də əlavə edib: "Azarkeşləri yaxşı başa düşürəm. Hər baş məşqçinin onlara uğur gətirməsini istəyirlər. Həmin təzyiqi özümə motivasiya olaraq görür və oyunçularımı oyatmaq üçün görürəm. İnanıram ki, hər zaman bizə dəstək olacaq və təzyiq yaradacaqlar".