Qalatasaray'dan daha 2 transfer

  • 9 Avqust 2022 10:42
  • 45

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Arsenal” klubundan uruqvaylı yarımmüdafiəçi Lukas Torreyra və belçikalı hücumçu Dris Mertensi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Türkiyə nəhəngi 26 yaşlı futbolçunun keçidinə görə London təmsilçisinə 6 milyon avro ödəyib. 4 illik müqaviləyə imza atan Torreyranın özü isə yeni komandasında ilinə 2 milyon 750 min avro qazanacaq.
 
Bu yay İtaliyanın “Napoli” klubundan azad agent kimi ayrılan Dris Mertens isə "sarı-qırmızılar"la 1+1 illik müqaviləyə imza atıb. 35 yaşlı futbolçu yeni komandasında ilinə 2.9 milyon avro qazanacaq. Mertens, 1.1 milyon avro imza pulu da alacaq.
 
Dris Mertens 2013-cü ildən “Napoli”də forma geyinirdi. Təcrübəli futbolçu bu komandanın heyətində 397 matça çıxıb, 148 qola imza atıb. 35 yaşlı forvard daha öncə “Utrext”, AQOVV və “Endraxt” kimi klublarda da çıxış edib. Belçika milli komandasında 105 matça çıxmış forvard, 21 qolla yadda qalıb.
 
Lukas Torreyra isə “Arsenal”a 2018-ci ildə transfer olunub. London təmsilçisində cəmi iki mövsüm keçirən və 89 oyuna 4 qol vurmuş futbolçu, geridə qalan mövsümü “Fiorentina”da icarədə keçirib. O, İtaliya klubunda 35 oyuna 5 qolla yadda qalıb. 2020/21 mövsümündə isə 26 yaşlı yarımmüdafiəçi Madrid “Atletiko”sunda icarədə olub – 26 oyun, 1 qol. Torreyra “Arsenal”dan öncə İtaliyada “Peskara” və “Sampdoriya”nın da uğurları üçün çalışıb. Lukas Uruqvay yığmasında 39 oyuna çıxıb.
 
 
Xatırladaq ki, “Qalatasaray” Torreyra və Mertensdən öncə Haris Seferoviç, Fredrik Midtsyo, Serxio Oliveyra, Abdülkerim Bardakcı, Leo Dubo və Kazımcan Karataşı da transfer etmişdi.