AFFA daha 2 sabiq FİFA hakimini Azərbaycana gətirir

  • 22 Sentyabr 2022 10:51
  • 44

Türkiyənin daha iki sabiq FIFA hakimi Azərbaycana köçür. Corner.az saytının yerli mətbuata istinadən məlumatına görə, iyunda karyerasını başa vuran keçmiş yan xətt hakimləri Bahattin Duran və Tarık Onqun ölkəmizdə fəaliyyət göstərəcək.
 
Duran və Onqunun ilk işi sentyabrın 25-27-də olacaq. Onlar AFFA-nın dəvəti ilə üç gün ərzində yerli hakimlərə seminar keçəcək. Cütlük bununla bağlı sosial şəbəkə vasitəsilə birgə paylaşım da edib: “Hakimlik karyeramızda meydanda və ondan kənarda öyrəndiklərimizi, qazandığımız təcrübəni hakim yoldaşlara aşılamaq vaxtı gəldi”.
 
Bahattin Duran və Tarık Onqun laysman karyerası ərzində sabiq FIFA referisi Cüneyt Çakırla birlikdə iki dəfə dünya çempionatına, üç dəfə isə Avropa çempionatına qatılıb. Hər iki turnirdə yarımfinal matçı idarə edən briqada 2015-ci ildə “Yuventus”la “Barselona” arasında keçirilən Çempionlar Liqasının final görüşündə də ədaləti qoruyub. Bahattin Duran 20 il, Tarık Onqun isə 15 il FIFA referi köməkçisi olub.
 
Qeyd edək ki, türkiyəli Barış Şimşek iyulda AFFA Hakimlər Komitəsinin sədri təyin olunub.