Qələbəyə layiq idik - Emreli

  • 25 Sentyabr 2022 22:29
  • 62

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda legioner həyatı yaşayan vinger, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik. Bu qrupda qələbələr gec gəldi və liderliyi əldən verdik. Rəqibdən nəsə gözləməyi sevmirəm. Bir məqam ola bilər ki, biz Belarusu Serbiyada məğlub edə bilərdik. Bir az məyusedici olan budur. Bu tsikldə yaxşı oyun göstərə bildik. Məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik. Son 3 matçda nəticə də yaxşı oldu. Belə davam etməliyik. Hər futbolçu milli səviyyəsində uğur qazanmağı arzulayır. Belə şans düşsə, inanıram ki, komanda əlindən gələnin artığını edəcək”.
 
Emreli zədədən yeni qayıtdığını söyləyib: "Bu hallarda optimal formaya qayıtmaq çətin olur. Bu günlərdə hər birimizin qələbəyə ehtiyacı var. Xalqımızı sevindirmək istəyirdik. Şəhidlər ölməz, Vətən bölünməz".
 
Emrelinin sözlərinə görə, Zaqrebdə azarkeşlərin ona qarşı münasibəti yaxşıdır: "Bəzi uğursuzluqlarım oldu. Son zədəm bir az ağır keçdi. Orda da çıxdığım hər oyunda yaxşı oynamaq istəyirəm. Burada da top mənə gələndə fanatlar fərqli bir şey gözləyir. Azarkeşlərin dəstəyini hiss edirəm. Önəmli olan qələbə qazanmaqdır".
 
Futbolçu "Dinamo"nun heyətində Çempionlar Liqasının qrup mərhələsində meydana çıxmağı gözlədiyini vurğulayıb: "Ümid edirəm ki, baş məşqçi mənə bu şansı verəcək. Onun qərarına hörmətlə yanaşmaq lazımdır. Futbol oynamaq bizim işimizdir. Futbolçu bir az robot kimi olmalıdır. Futbolun sayəsində ailəmizə baxırıq. Robot kimi olmalıyıq, qoydular, oynamalıyıq, qoymadılar, yox. Həvəsdən düşməməlisiniz. Gərək, əlinə düşən şansı qaçırmayasan".