Çox yaxşı və keyfiyyətli oyun göstərdik

  • 25 Sentyabr 2022 22:49
  • 75

"Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq".

Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis ikinci hissədə komandanın oyunundan razı qaldığını bildirib: "Qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgiləmişdik. I turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir".

De Byazi Amin Seydiyevin "23-lük"dən kənarda qalmasına toxunub: "Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək".

Mütəxəssis qələbədən sonra azarkeşlərə yaxınlaşmamalarına da münasibət bildirib: "Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir".

İtaliyalı mütəxəssis Mahir Emreliyə start heyətində şans verməməsinin səbəbi barədə də danışıb: "Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən".